Virusoloqlar qara bibərdəki maddənin xassələrini şərh ediblər
Tibb elmləri doktoru, virusoloq Anatoli Alşteyn və MDU Biologiya fakültəsinin virusologiya kafedrasının professoru Aleksey Aqranovski RT-yə müsahibələrində bəzi təbii alkaloidlərin, o cümlədən qara bibərin tərkibindəki piperinin “COVID-19”un hüceyrələri yoluxdurmaq funksiyasının qarşısını alması ilə bağlı məlumatlara aydınlıq gətiriblər.
“Alimlərin bu kəşfinin real mübarizədə tətbiqinə gəldikdə, bunun öncə heyvanlar, daha sonra xəstə insanlar üzərində sınaqdan keçirilməsi və əsaslı şəkildə yoxlanılması zəruridir”, - Alşteyn bildirib
Onun sözlərinə görə alimlərin vəzifəsi “belə mühüm vəzifələrin həlli üçün daim cəhdlər göstərmək, yeni yanaşmalar axtarmaqdan ibarətdir”.
“Belə tədqiqatları yalnız alqışlamaq olar. Bu tapıntının yoxlanılmadan “COVID-19” ilə mübarizə üçün təklif edilməsi düzgün deyil”, - ekspert əlavə edib.
Öz növbəsində, Aleksey Aqranovski sınaqların keçirilməsinin və nəticələrin resensiya olunan jurnalda dərc edilməsinin zəruriliyini vurğulayıb.
“Şərhim “sehrli” həblər adlandırılan dərmanlara münasibətdə olduğu kimidir: əgər belədirsə, sınaq keçirin və nəticələri resensiya olunan jurnalda dərc edin. O zaman məsələ barədə danışmaq olar. Hələk isə bunun üçün səbəb yoxdur”.
Bir qədər əvvəl alimlər belə bir nəticəyə gəlmişlər ki, bəzi təbii alkaloidlər, o cümlədən qara bibərin tərkibindəki piperin “COVID-19”un hüceyrələri yoluxdurmaq funksiyasının qarşısını alır.
Rusiya Elmlər Akademiyası Sitologiya İnstitutunun elmi işçisi Olqa Ostroumovanın sözlərinə görə peterburqlu alimlər insan və koronavirus hüceyrələrinin lipid membranlarının birləşməsinin qarşısını alan maddələri öyrənirlər.
Tədqiqatçılar piperinin viruslu lipid örtüyünün xassələrini dəyişdirdiyini aşkar etmişlər. Nəticədə virus hüceyrənin daxilinə nüfuz edə bilmir və onun yayılmasının qarşısı alınır.